SHAH İSMAYIL XƏTAİ


 
Shah İsmayıl Xetayi

Azərbaycanın böyük oğlu, şeyx, sərkərdə, dövlət xadimi, şair və sənətin görkəmli hamisi olan şah İsmayıl Səfəvinin həyatının hansı tarixi hadisələr fonunda keçdiyini bilməkdən ötrü hekayətimizi XIV əsrin əvvəllərindən başlamaq lazımdır. Bu dövrdə İsmayılın ulu babası şeyx Səfi əd-Din.(1252-1334) ana yurdu Ərdəbildə Səfəviyyə adlı sufi təriqətinin əsasını qoymuş və özünü yeddinci imam Musa Kazımın varisi e'lan etmişdi.
Təriqətin yarandığı dövrdə onun üzvləri əsasən, sünnilərdən ibarət idi. Vaxt keçdikcə bu təriqət sırf şiə səciyyəsi daşımağa başlayır, şah İsmayılın babası şeyx Müneydin vaxtından e'tibarən isə hərbi əməliyyatlara qoşulur. Bundan sonra hərbi uğurlarla birlikdə təriqətin nüfuzu da artır. Səfəvi döyüşçülərinin əqidəsinə görə, "öz müqəddəs mürşidlərinin yolunda candan keçmək özünü bu yola həsr etməyin ən ibtidai dərəcəsi" idi.
Şah İsmayılın atası şeyx heydər yuxuda ilahi əmr aldıqdan sonra öz müridlərinə çalmalarını on iki imamın rəmzi kimi on iki qırmızı sarıqdan çalmalarını məsləhət görür. Və elə bununla əlaqədar olaraq, səfəviyyə təriqətinin ardıcılları qızılbaşlar adlanmağa başlayır. Dar mə'nada isə qızılbaşlar deyəndə təriqətin əsasını təşkil edən türk-Azərbaycan tayfaları nəzərdə tutulurdu. Qızılbaşlar başlarını qırxdırır, bığ uzadır və qırxıq başlarında kəkil saxlayırdılar. Döyüşdən qabaq onlar Azərbaycan dilində dua edir və deyirdilər: "Ey pirim, ey mürşidim, sənə mənim canım qurban!"
Şeyx Səfi əd-Dinin varisləri olan səfəvilər şiə şüarları altında hakimiyyətə doğru inamla irəliləyirlər. Qızılbaşlardan qazi�məzhəb uğrunda mücahid dəstələri yaradılırdı ki, onlar da qonşuluqda yerləşən kafir torpaqlarına�əhalisi müsəlman olmayan və sünnilər yaşayan ölkələrə hücumlar edirdilər. Səfəvilərin Ərdəbildəki malikanələri möhkəmlənib inkişaf edir. Böyük şeyxin varisləri bütün Azərbaycanı birləşdirmək niyyətinə düşürlər. Lakin bu niyyətlərin gerçəkləşməsi yolunda onlara qüdrətli Azərbaycan dövlətləri olan Qaraqoyunlu və Ağqoyunlular maneə törədirdi. Ağqoyunlu dövlətinin banisi, müdrik siyasətçi və böyük sərkərdə Uzun Həsən öz hakimiyyətini möhkəmləndirmək naminə Səfəvilərlə ittifaqa girmişdi. O, əvvəlcə öz bacısı Xədicə bəyimi şeyx Cüneydə, sonra isə qızı, həm də Trapezund imperatorunun nəvəsi Martanı (Aləmşahbəyimi) şeyx Heydərə ərə verir. Uzun Həsənin dövründə Ağqoyunlu dövləti özünün yüksəlişinin zirvəsinə çatır. Səfəvilər müvəqqəti olaraq Azərbaycanda hakimiyyəti ələ keçirmək planlarını dayandıraraq, öz qazilərini şimala, sünnilərin yerləşdiyi ərazilərə göndərir.
Dağıstan və Şirvan üzərinə yürüşlərdə şirvanşahlarla döyüşlər zamanı İsmayılın babası şeyx Cüneyd və atası şeyx Heydər həlak olurlar. Son döyüşdə Uzun Həsənin oğlu Sultan Yaqub Ağqoyunlu da səfəvilərin möhkələnməsindən çəkinərəg, şirvanşah Fərrux Yasarın tərəfinə keçir.
Şeyx Heydərin ölümündən sonra İsmayılın dayısı Ağqoyunlu Sultan Yaqub Ərdəbili tutaraq, bacısı Aləmşahbəyimi, habelə onun azyaşlı oğlanlarını� Sultan Əlini, İbrahimi, İsmayılı əsir alır. Bu zaman İsmayılın hələ iki yaşı da (o, 1487-ci il 17 iyulda Ərdəbildə doğulmuşdu) tamam olmamışdı. Sultan Yaqubun 1490-cı ildə hakimiyyətə gələn oğlu Baysunqur heç bir il keçməmiş öz əmisi oğlu Ağqoyunlu Rüstəm padşah tərəfindən devrilir. Şirvanşah Fərrux Yasarın qızına evlənmiş Baysunqur kömək üçün qaynatasına müraciət edir.
Rüstəm padşah şeyx Heydərin oğlanlarını azad edir və onlardan ən böyüyü olal Sultan Əlidən Baysunqura qarşı mübarizəsində kömək istəyir. O, Ərdəbili yenidən Sultan Əliyə qaytarır. Sultan Əli burada Səfəviyyə təriqətinin şeyxi vəzifəsini icra etməyə başlayır. O, özünün qacar, qaramanlı və şamlı tayfalarından olan müridləri ilə birlikdə Baysunqurla mübarizədə Rüstəm padşahın əmirləri tərəfində vuruşur.
Orta əsrlər müəllifinin yazdığı kimi, "Sultan Əli bu döyüşlərdə mərdlik və hünər mö'cüzələri göstərir. Onun bu cür'ət və mərdliyindən qorxuya düşən Rüstəm bəy bütün fikrini-zikrini onu aradan götürməyə yönəldir, Ayda Sultan Qacar və Hüseyn bəy Aşxanini Sultan Əli və qardaşlarını tutmaq üçün Ərdəbilə göndərir. Sultan Əli onların qoşunları ilə döyüşə girir və ölüm badəsini içməli olur." 1495-ci ildə Şəmasi adlanan yerdə baş verən döyüşdə 4 min Ağqoyunlu döyüşçüsünə qarşı cəmisi 700 qızılbaş vuruşmuşdu. Ölümündən az əvvəl Sultan Əli qardaşı İsmayılı təriqətin şeyxi vəzifəsində özünün varisi e'lan edir. E"tibarlı qızılbaşların köməyi sayəsində 7 yaşlı İsmayıl gizlənə bilir. Onu əvvəlcə elə Ərdəbildə gizlədirlər. Bir qədər sonra şəhərdə şeyx Heydərin oğlanlarını tapmaq üçün ciddi axtarışlar başlandıqda onu Rəştə, oradan da Gilan hakimi Kərkiyə Mirzə Əlinin sarayına aparırlar. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi tə'limlərini davam etdirir.
İsmayılın 13 yaşı olanda o, artıq müstəqil şəkildə siyasi və dini fəaliyyətə başlayır. 1499-cu ilin avqustunda İsmayıl "padşahlıq ümidi ilə" Gilanı tərk edir. O, qışı öz dəstələri ilə birlikdə Astarada keçirir. Yaz ağzı Çuxursəddən (Yerevan ətrafı) keçərək, Ərzincana yollanır. Bütün yol boyu yerli sufilər onun dəstəsinə qoşulur və Ərzincanda baxış keçirilərkən mə'lum olur ki, artıq onun bayrağı altına 7 min süvari yığışıb. Qızılbaş sərkərdələrinin müşavirəsində qərara alınır ki, cavan şeyxin ilk yürüşü Şirvan üzərinə olmalıdır. 1500-cü ilin sonlarında İsmayıl Kürü keçərək, bütün Şirvanda heç bir müqavimət görmədən Şamaxıya girir. Şirvanşah Fərrux Yasar 20 minlik süvari və 6 minlik piyada qoşunu ilə Gülüstan qalası yaxınlığında Cəbəni adlanan yer-də İsmayıla qarşı döyüşə girir. İsmayılın ordusunun başında ona yaxın olan qızılbaş tayfalarının ən e'tibarlı və iste'dadlı sərkərdələri dururdu. Bunların çoxusu İsmayıl uşaq ikən onun Ərdəbildən çıxarılmasında iştirak etmiş və ondan ömrünün axırına qədər ayrılmamışdılar. Onların iştirakı olmadan dövlət işlərinin heç birisi həll olunmurdu. Tarixi ədəbiyyatda onlar "dövlətin sütunları" adlandırırılır. həmin "sütunlar" arasında Piri bəy Qacar, Abdin bəy Tavaçı Şamlı, Hüseyn bəy Lələ Şamlı, Məhəmməd bəy Ustaclı, Əhməd bəy Sufioğlu Ustaclı, Bayram bəy Qaramanlı, Qılıc bəy Qaramanlı, Qaraca İlyas Bayburtlu, İlyas bəy Bayburtlu, İlyas bəy Xunuslu, Soltanşah bəy Əfşar, Danə bəy Əfşar, Xəlil bəy Möhrdar Əfşar, Hüseyn bəy süfrəçi Əfşar, Piri bəy pərvanəçi Əfşar, Lələ Məhəmməd Təkəli, Bəkir bəy Cakirli, Salman bəy Xazin Zülqədərli də vardı ki, onlar da Cəbəni yaxınlığındakı döyüşdə iştirak etmişdilər. Şirvanlılar sayca çoxluq təşkil etsələr də məğlubiyyətə uğrayırlar, Fərrux Yasarın özü isə həlak olur. Şirvan qoşunundan qalanlar "Gülüstan" qalasında gizlənirlər.
Bundan sonra şah İsmayıl ona böyük sərkərdə kimi şöhrət gətirən bir çox parlaq qələbələr qazanır, lakin Cəbəni yaxınlığındakı qələbəsi gənc sərkərdənin tərcümeyi-halında onun həm siyasi, həm də dini baxımdan özünü təsdiq etməsi üçün ən vacib və ən əhəmiyyətli döyüşü kimi yazılmışdır. Həmin dövrün Azərbaycan miniatürlərində məhz bu döyüşün tez-tez təsvir olunması da təsadüfi deyildir.
İsmayıl kiçik bir dəstəsini Gülüstan qalasının mühasirəsi üçün saxlayaraq, Bakıya yollanır və buranı aldıqdan sonra yenə geri, həmin dəstənin yanına qayıdır. Burada xəbər tutur ki, Azərbaycan hökmdarı Əlvənd Mirzə Ağqoyunlu onun üzərinə hücuma hazırlaşır. İsmayıl "dövlətin sütunları"nı məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar�Təbriz kafir sünnilərdən alınmalıdır.
Şirvanşahların xəzinəsi də daxil olmaqla böyük bir qənimət qazanmış İsmayıl öz qoşunu ilə Naxçıvan istiqamətində hərəkət edir. 1501-ci ilin ortalarında Əlvənd Mirzə onları Şərur düzündə qarşılayır. Əlvənd Mirzənin 30 minlik ordusu ilə döyüşə girən İsmayıl 7 minlik qoşunu ilə onu darmadağın edir. Vahiməyə düşüb qaçan döyüşçülərini saxlamaq və rəqibin arxadan zərbələrini dəf etmək məqsədilə bir-birinə zəncirlənmiş dəvələrdən istifadə etmək cəhdi də Əlvənd Mirzəyə kömək etmir.
İsmayıl bu döyüşdə də öz yaşına görə qeyri-adi dərəcədə sərkərdəlik qabiliyyəti və şəxsi igidlik nümunəsi göstərir. O özü şəxsən Ağqoyunlu qoşununun sayılan əmirlərindən Karqiçay bəyi qılınc döyüşündə məğlub edir. Digər məşhur sərkərdələr də öldürülmüş və başları özgə düşmənlərə görk olmaq üçün qızılbaş döyüşçülərinin tutduğu yüksəkliklərdə qoyulmuşdur. Əlvənd özü isə döyüş meydanından güclə qaçaraq, canını qurtarmışdır. Beləliklə, İsmayıl xeyli qənimət qazanmışdır və ən əsası isə Təbrizə yol açıqdır. 1501-ci ilin payızında İsmayıl Təbrizə girərək, özünü şah e'lan edir və öz adından pul buraxmağa başlayır. Onun pullarının üzərində şiə rəmzləri həkk olunmuşdu: "La-ilahə-il-ləllah, Məhəmməd rəsul-illah. Əliyən vəliyullah" ("Allahdan başqa allah yoxdur. Məhəmməd onun rəsuludur, peyğəmbəridir. Əli isə Allahın dostudur.") Şiəlik dövlət məzhəbi səviyyəsinə qaldırılır, Azərbaycan dili isə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərindəki kimi, fars dili ilə birlikdə yeni qızılbaş dövlətinin rəsmi dili e'lan olunur. Səfəvilər zamanında Heratdan Bağdada qədər nəhəng bir ərazidə Azərbaycan dilində danışılırdı.
Bir il sonra, 1503-cü ildə şah İsmayıl həm də Fars və İraqi-Əcəm hökmdarı olan Ağqoyunlu padşahı Muradla mübarizəyə girişir. Onlar arasında döyüş 1503-cü ilin 21 iyununda Həmədan yaxınlığında baş verir. Əvvəlki iki döyüşündə olduğu kimi, şah İsmayıl yenə də mərkəzdə qərar tutur. Çinahlarda "dövlətin sütunları" və onların başçılıq etdikləri qoşunlar yerləşdirilir. Avanqardda Xüləfa bəy və Mənsur bəy Qıpçaqi hərəkət edirlər. Qarapiri bəy Qacar və onun 1500 süvarisi ehtiyatda saxlanılır. Murad padşahın avanqardında isə Qum hakimi İslamiş bəy yerləşdirilir. Qoşunlar qarşılaşanda İslamiş bəy şah İsmayılın avanqardını yararaq, onun ordusunun mərkəzinə doğru irəliləyir.. Elə bu zaman Qarapiri bəy Qacar gizləndiyi yerdən çıxaraq, ona hücum çəkir. Şah İsmayılın özü də şəxsən hücuma qoşulur. İslamiş bəyin dəstəsi tamamilə dağıdılır, o özü isə əsir düşür. Bu da bütövlükdə döyüşün taleyini həll edir. Beləliklə, Ağqoyunlu ordusu darmadağın olunur, dövlətin özü isə tarixə qovuşur.
Şah İsmayıl tutduğu bölgədə öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Murad padşahı tə'qib edə-edə o, elə həmin ildə Şiraz, İsfahan, Kaşan və Qum şəhərlərini tutur. 1508-ci ildə şah İsmayıl artıq Bağdad da daxil olmaqla İraqi-Ərəbi, Diyarbəkiri, Ermənistanı, habelə Ön Asiyanın bir sıra şəhərlərini işğal etmişdi.
Çox qısa müddətdə şah İsmayıl Şeybani xanın özbək dövlətindən tutmuş Osmanlı imperiyasının sərhədlərinə qədər uzanan möhtəşəm bir dövlət yarada bilir. Şeybani xan İsmayıl üçün strateji əhəmiyyət daşıyan İsfahanı tutarkən ona göndərdiyi məktubda yazmışdı: "Mən İran və Azərbaycan sərhədlərinə gələrək, oranı tutandan sonra İraqi-Ərəbə və Hicaza gedəcəyəm." Şah İsmayıl bunun cavabında ləngimədən öz qoşunlarını Xorasana yeridir. Düşmən Mərv qapasında gizlənir. Lakin İsmayıl aldadıcı manevr edərək, Şeybani xanı qaladan bayıra çıxarır və 1510-cu il dekabrın 2-də Mahmudi kəndi yaxınlığında şah İsmayılla Şeybani xanın qoşunları arasında döyüş başlanır. Bütün gün ərzində davam edən ağır döyüş şah İsmayılın tam qələbəsi ilə başa çatır. Şeybani xan qaçmaq istədikdə şah İsmayılın döyüşçüləri və öz mühafizəçiləri onu qətlə yetirirlər. Şeybani xanın başını şaha gətirirlər. Əmrə əsasən, onun kəlləsini qızıl suyuna çəkib, qədəh düzəldirlər. Deyilənə görə, sonralar şah İsmayıl bu qədəhdən şərab içirmiş. Bu döyüşdən sonra o, Herat, Mərv və Bəlx şəhərlərini tutur. Bütün Şabran. Xorasan vilayəti şaH İsmayılın hakimiyyəti altına keçir. Səfəvi dövləti öz yüksəlişinin zirvə nöqtəsinə çatır. Onun ərazisinin sahəsi 2 milyon 800 min kvadrat kilometrə çatırdı. Şiə məzhəbli qızılbaş dövlətinin belə möhtəşəmliyi sünni Türkiyəni güclü surətdə narahat edir. Üstəlik də şah İsmayıl Qərbi Anadoluda və Osmanlı imperiyasının bura yaxın digər ərazilərində fəal surətdə şiə təbliğatı aparırdı.
Türk sultanı I Səlim 1512-ci ildə taxt-taca çıxan kimi şah İsmayılla müharibəyə hazırlıq görməyə başlayır. O, öz təhlükəsizliyini möhkəmləndirmək məqsədilə Türkiyədə yaşayan 40 min şiə məzhəbli adamı e"dam etdirir. Bundan sonra isə Azərbaycan sərhədlərinə 200 minlik nəhəng bir ordu çıxarır. O, öz mühzribəsini "müsəlman dininin düşmənləri olan səfəvilərə ölüm" şüarı ilə aparırdı. Döyüş 1514-cü il avqustun 26-da Çaldıran adlanan yerdə baş verir. Gah bir, gah da digər tərəf güc gəlir. Bu döyüşdə türklər sayca çox idilər. Bundan başqa onların daha bir üstünlüyü də 300-ə qədər topun olması idi. Bütün bunlar döyüşün gedişinə tə"sir göstərməyə bilməzdi. Şah İsmayıl şəxsi igidlik və cəsurluq nümunələri göstərib, özünün qeyri-adi gücü və döyüş bacarığı ilə məşhur olan Əli bəy Məlküq oğlunu məğlub edir. Şah İsmayıl qılıncla ona elə bir zərbə endirir ki, dəbilqəsi və başı iki yerə paralanır. İsmayılın qılıncı Əli bəyin sinəsinə qədər işləyir. Döyüşün qızqın çağında İsmayıl azsaylı dəstəsi ilə düşmənin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Osmanlılar ona tərəf cumanda zahirən şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar: "Şah mənəm", �deyə qışqırmaqla onların diqqətini yayındırır. Həmin vaxt ərzində İsmayıl atına qalxaraq döyüşə davam edir. Üç gün davam eləyən kərgin döyüş türklərin qələbəsi ilə nəticələnir. Yaralı Şah İsmayılı tə�qib edən I Sultan Səlim yol boyu Xoy, Mərənd və Təbriz şəhərlərini tutur. Buna baxmayaraq, o, Təbrizdə çox qala bilməyib, altıca gündən sonra şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da içində olmaqla xeyli qənimət götürərək, şəhəri tərk edir.
Sultan Səlim qənimətlə birlikdə özü ilə İstambula sonradan Türkiyənin incəsənət və sənətkarlıqının inkişafında müstəsna rol oynamış bir çox incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstambul Topqapı sarayında, Əskər muzeyində Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir. Bu cür eksponatları siz nə Təbrizdə, nə Bakıda, nə də Tehranda tapa bilməzsiniz. Səlimin əlinə keçmiş əsirlər arasında şah İsmayılın döyüş paltarı geymiş arvadları Bəhruzə xanım və Taclı xanım da vardı. Tarixçilərin bildirdiyinə görə, Çaldıranda, döyüş meydanında kişi paltarı geyib, öz ərləri ilə birlikdə vuruşan xeyli qadın meyidi tapılmışdı. Azərbaycan qadınlarının vətənpərvərlik və igidliyindən heyran olmuş Sultan Səlim onların döyüşçüyə xas ehtiramla basdırılması üçün əmr vermişdi. 1515-ci ildə Osmanlı Türkiyəsi ilə sülh bağlanır. Şərtə görə, Qərbi Anadolu həmişəlik Türkiyəyə verilir. Lakin sülh bağlanmasına baxmayaraq, bundan sonra da yüz illər boyunca Səfəvilər qeyri-adi qəhrəmanlıqlar hesabına osmanlı hücumlarını qarşısını almalı olur. Bütün Yaxın Şərqdə faktiki olaraq yalnız azərbaycanlılar özlərinin osmanlılara bərabər döyüşkənliyi hesabına onların müdaxiləsinə sinə gərərək, öz müstəqilliklərini qoruyub saxlaya bilmişlər.
Çaldıran döyüşündən sonra Şirvan və Gürcüstan üzərinə yürüşlər istisna edilməklə şah İsmayıl iri hərbi əməliyyatlar keçirmir. Onun bütün sə'yləri yaratdığı möhtəşəm dövləti qoruyub möhkəmlətməyə yönəlir. 1524-cü ildə şah İsmayıl vəfat edir. Onu Ərdəbildə Səfəvilərə məxsus Darül-İrşad qəbristanlığında dəfn edirlər.
Şah İsmayılın Rüstəm Mirzə (gənc yaşlarında vəfat edib), şah Təhmasib, Sam Mirzə, Alxas Mirzə və Bəhmən Mirzə adında beş oğlu və Xanım, Pərixan xanım, Məhinbanu, Firəngiz xanım və Şahzeynəb xanım adında beş qızı olub.
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. Çoxları bilmirlər ki, o, Səfəvi dövlətinin hökmdarı, sufi təriqəti olan Səfəviyyənin şeyxi, Xətai təxəllüsü ilə ana dilində gözəl şe'rlər yazmış böyük şair olmaqla yanaşı həm də idman oyunları, cıdır yarışları, ovla məşğul olmuş, rəssamlıq və xəttatlığın sirlərinə bələdliyi ilə seçilmiş, yaxşı bərbəd çalmış və gözəl səslə oxumuşdur. Dövrün ən görkəmli alimləri, astronom və astroloqları, tarixçiləri, şairləri, rəssamları, xəttatları, musiqiçi və musiqişünasları onun sarayına toplaşmışdılar. Ağqoyunlu Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli bir kitabxana yaradır. Buradan təkcə Azərbaycanın deyil, həm də bütün yaxın ölkələrin alimləri istifadə edirlər. Bundan başqa həmin kitabxana sanki Bədii Sənətlər Akademiyası rolunu oynayır. Nəhəng ölkənin hər tərəfindən ən iste'dadlı xəttat, rəssam və ustalar buraya toplanır. Onlar üçün burada xüsusi e'malatxanalar yaradılır. Bu e'malatxanalarda kağız, karton, mürəkkəb, rəng və digər ləvazimatlar da istehsal olunur. Elə buradaca xəttatlar tərəfindən kitabların üzü köçürülür, miniatürçü rəssamlar (müsəvvirlər) tərə-findən onlara tərtibat verilir, şəkillər çəkilir, nəqqaşlar və müzəhhiblər (qızıl suyu ilə işləyən ustalar) tərəfindən naxışlar vurulur, kartondan (səhhaflar) və dəridən (mücəllidlər) cild çəkənlər isə onları indiki anlamda kitab halına salırdılar. İste'dadlı gənclər, həmçinin hökmdarın ailə üzvləri və saray əyanları bu kitabxanada xəttatlıq və rəssamlıq sənətinə yiyələnirdilər.
Kitabxananın rəhbərlərindən biri Şərqin böyük miniatürçü rəssamı Kəmaləddin Behzad idi. Şah İsmayıl və onun oğlu şah Təhmasibin vaxtında həmin kitabxanada Mahmud Nişapuri, Ağa Mirək, Sultan Məhəmməd, Mir Əli Xəttat, Sadıq bəy Əfşar, Mir Seyid Əli Müsəvvir və bunlar kimi onlarla başqa görkəmli sənətkarlar çalışmışdılar. Bütün dünyada məşhur olan Azərbaycan miniatür rəssamlıq məktəbi də burada formalaşmışdı. Öz ləyaqətinə görə buna bənzər ikinci bir kitabxana da şah İsmayıl tərəfindən Ərdəbildə, şeyx Səfi əd-Dinin xatirə kompleksində yaradılmışdı. Həmin kitabxana buraya gələn zəvvarların nəzir qismində bəxşiş etdikləri hədiyyələrlə zənginləşir, habelə buradakı e'malatxanalarda hazırlanan kitabların satılması hesabına inkişaf edirdi. Həmin kitabxana 1828-ci ildə rus-İran müharibəsi nəticəsində talan olunub aparılana qədər olduqca nadir kitab və əlyazmalarla məşhurlaşmışdı.
Ağqoyunlu hökmdarları zamanında Təbriz sarayında yaranmış ən'ənələri (Uzun Həsənin sarayında yüzə qədər musiqiçi və musiqişünas vardı) davam etdirən şah İsmayıl musiqi sənətinə böyük fikir verir, musiqiçi, müğənni və musiqişünaslara hər cür himayədarlıq edirdi.
Həqiqi, Şahi, Süruri, Tüfeyli kimi məşhur şairlər şah İsmayılın sarayında qulluq edirdilər. Onların hamısı şah İsmayılın yaratdığı ədəbi məclisin üzvləri idilər. Şah İsmayıl bəlkə də ən birinci təbliğatçı şairlərdəndir. Şah İsmayılın dini və siyasi görüşlərini ifadə eləyən məxsusi şe'rləri gəzərgi aşıq və dərvişlər tərəfindən eldən-elə yayılırdı. Bu mə'nada şah İsmayılın şəxsiyyətinə üç tərəfdən yanaşmaq olar: Şeyx İsmayılın görüşlərinin tə'siri altında şair Xətai dərin ideya və ritmik musiqiyə malik gözəl şe'rlər yazır və şah İsmayıl bu əsərlərdən öz siyasi məqsədləri üçün istifadə edirdi. Xətai eyni zamanda həm də gözəl bir lirik şair idi. Onun ana dilimizin bütün incəliklərini ustalıqla əks etdirən "Dəhnamə" poeması Azərbaycan poeziyası tarixində mühüm yer tutur. Həmin poemanın təbiətin bahar oyanışına həsr olunmuş ölməz misraları Azərbaycan şe'rinin bütün müntəxəbatlarında öz əvəzolunmaz yerini tutmuşdur:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq olu yenə bu canə düşdü
Yer geydi qəbayi-xizrpuşan,
Cümlə dilə gəldi ləbxamuşan.
Sərvin yenə tutdu damənin su,
Sərv üstə oxudu faxtə ku-ku.
Qöncə dəhəni çəməndə xəndan,
Gülməkdən ənar açıldı dəndan.
Bülbül oxudu sifati-hicran
Dəryada dür oldu əbri-neysan.
Durna uçuban həvayə düşdü,
Laçın oluban övayə düşdü
Alma ağacı dibində sayə,
Tə'n eylər idi buluda, ayə.
Yaşın yerə tökdü əbri-neysan,
Bülbüllər oxudu səd həzaran.
Venesiyadan olan bir tacir yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq."
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarıc göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.
Hakimiyyətinin son illərində şah İsmayılla Şirvanşah Şeyxşah arasında dostluq və qohumluq münasibətləri yaranır. Əvvəlcə Şah İsmayıl qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü Şirvanşahın qızlarından biri ilə evlənir. Şah İsmayılın toyu 1523-cü il noyabrın 5-də Təbriz yaxınlığında olur.
Şah İsmayıl ömrünün sonuna qədər balıq tutmaqla və ovla əylənib. Güclü vəhşilərlə əlbəyaxa döyüşmək ona xüsusi ləzzət verirmiş. Deyilənə görə, o, hələ 12 yaşında ikən ətraf yerlərdə yaşayan adamları təşvişə salan nəhəng bir ayını boğmuş, 19 yaşında irə Bağdad yaxınlığında pələngi öldürmüşdü. O, həmçinin böyük ovları da çox xoşlayıb və yəqin elə buna görə tez-tez öz kitabxanasının e'malatxanalarında yaradılan miniatürlərdə ov səhnəsi təsvir edilir. Onun sonuncu belə böyük ovu Şəkiyə səfəri zamanı Balakən ərazisində çıxdığı ov idi. Şah İsmayıl orada xəstələnmiş və Təbrizə artıq ölüm ayağında gətirilmişdi.
Şah İsmayılın şəxsiyyəti əsrlər uzunu xalq arasında həmişə populyar olub. Onun haqqında dastanlar və rəvayət qoşulmuş, bir çox muğam və təsniflər onun adı ilə adlandırılmış, göstərdiyi igidliklər nağıllarda, romanlarda, dram əsərlərində və operalarda vəsf olunmuşdur.
Xətai şe'rlərinin əlyazmaları bir çox dünya muzeylərində və kitabxanalarında saxlanılır. Bunlar arasında ən qədimi olan "Divan" I Şah Təhmasibin sarayında şairin ölümündən cəmisi 11 il sonra məşhur xəttat Şah Mahmud Nişapuri tərəfindən köçürülmüşdür və hazırda Daşkənddə saxlanılır.